Kürdəxanıda tövlədən 17 baş qoyun oğurlanıb

Ötən gün Kürdəxanıda oğurluq hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, qəsəbə sakininin tövləsindən 17 baş xırdabuynuzlu heyvan oğurlanıb. Hadisə Kürdəxanı qəsəbəsi, Meyvə-Tinlik sovxozu deyilən ərazidə qeydə alınıb. Gecə saatlarında tövləyə girən oğrular qəsəbə sakini İsmayıl Əhmədova məxsus 17 baş qoyunu aparıblar. Zərərçəkənin sözlərinə görə, oğrular tövləyə gecə saatlarında qapının qıfılını qırmaqla giriblər.

 

"Saat bir radələrində durdum heyvan qapıda idi. Səhərə yaxın, saat 6, 7-ə işləmiş durmuşam. Qıfılı qırıb heyvanları aparıblar. 17 baş qoyunumu aparıblar. Heyvanların izi ilə getmişik. Kəndin yarısına kimi heyvanların ayaq izlərini görmək olur".

 

Hadisədən sonra polisə məlumat verən qəsəbə sakininin sözlərinə görə, 15-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalara başlayıblar.  Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə isə, sözügedən faktla bağlı hələlik saxlanılan olmasa da, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv