İraq ordusu Fəlluca şəhərinə girib, İŞİD 50 min şəxsi girov saxlayır
İraq ordusu İŞİD-in qalası sayılan Fəlluca şəhərinə girib. APA TV-nin məlumatına görə, ordu birləşmələri ötən gün Bağdadın təxminən 65 km qərbində yerləşən şəhərin ətrafında mövqe tutub. Şəhərin terrorçulardan təmizlənməsi əməliyyatında İraq ordusuna ABŞ və beynəlxalq koalisiya qüvvələri havadan, Şiə Haşdi Şabi polisləri isə qurudan dəstək verir. Son xəbərlərə görə, İŞİD-ə qarşı döyüşən güclər şimaldakı irəliləyişdən başqa Sincar tərəfdən də şəhərə daxil olublar.
Qeyd edək ki, İŞİD terror təşkilatı İraqın ikinci ən böyük şəhəri olan Mosul da daxil olmaqla ölkənin şimal və qərbində geniş bir ərazini nəzarətdə saxlayır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünənki açıqlamasında İŞİD-in canlı qalxan olaraq istifadə etdiyi mülki şəxslərin şəhərdən çıxmasına icazə vermədiyini bildirib. Fəlluca şəhərində ümumilikdə 50 min mülki şəxsin aclıq və susuzluqla mübarizə apardığı vurğulanır. Qaçqınlar üzrə Ali Komissarlığın sözçüsü Melissa Fleminq "İŞİD üçün döyüşməyən kişi və uşaqların öldürüldüyünə dair xəbərlər artır", deyə qeyd edib.