Xızıda tələbələri daşıyan avtobus dərəyə aşdı: 3 ölü, 21 yaralı
Ötən gün Xızıda 3 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib. APA TV-nin məlumatına görə, qəza axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində qeydə alınıb. İçərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı Sumqayıt Dövlət Texniki Kollecinin 1984-cü il təvəllüdlü idman müəllimi Hacıyev Kamil İslam oğlu, kollecin yeməkxanasında işləyən 1979-cu il təvəllüdlü Dilarə Əliyeva və Sərxan Abdullayev adlı şəxs ölüblər.
Yaralanan 21 nəfərdən 15-nin şəxsiyyəti də müəyyənləşib. Onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova, 1950-ci il təvəllüdlü Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov, 1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir. Onlar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Zərərçəkən Leyla Fərhadovanın qohumu Şamil Fərhadov hadisə barədə internetdən xəbər tutduğunu deyib: "Qardaşım qızı avtobusda olub. İstirahətə gediblər. Hadisə barədə internetdə oxuyan qızım mənə xəbər verdi. Dedi, Leyla da ora gedib. Zəng vurduq, telefonuna zəng çatmadı. Məcbur olub maşına minib gəldim Sumqayıta. Sağ-salamatdır. Bir az əzilib".
Həkim Bəhtaş Nəbiyevin sözlərinə görə, hadisə 18.40 radələrində qeydə alınıb: "Bizə daxil olan məlumata görə, hadisə saat 18:40-da baş verib. Yaralılar çox olduğundan nazirliyə məlumat verib kömək istədik. Bizə Sanaviasiya, Siyəzən və Sumqayıt şəhər Təcili Yardım Stansiyalarından kömək göstərildi. Yaralıların hamısı xəstəxanalarda müvafiq şöbələrə yerləşdirildi".
Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.