Türkiyədə PKK ilə döyüşlər davam edir: 3 şəhid
Türkiyədə PKK terrorçuları ilə döyüşdə üç hərbçi şəhid olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Şırnakın Uludərə qəsəbəsinin İraqla sərhəd bölgəsində terrorçularla hərbçilər arasında baş verən atışmada baş leytenant Mehmet Düzenli ağır yaralanıb. Helikopterlə Şırnak Dövlət Xəstəxanasına çatdırılan zabit həkim müdaxiləsinə rəğmən şəhid olub.
Doğan Üs qəsəbəsinin cənubunda da bir hərbçi terrorçularla döyüş zamanı yaralanıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb. Həmin ərazidə iki terrorçu silahları ilə birgə ölü ələ keçirilib.
Şırnak vilayətinin terrorçulardan təmizlənməsi əməliyyatları davam edir. Vilayətin şəhər mərkəzində, Bahçelievlər məhəlləsində səhər saatlarında atışma baş verib. Terrorçuların ilk atəş açması nəticəsində yaralanan bir xüsusi təyinatlı polis Şırnak Hərbi Xəstəxanasında dünyasını dəyişib.