Şamaxıda iki ağır yol qəzası baş verib

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb. “VAZ 2106” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxıb. Bu zaman maşın  yol kənarında dayanan qadını, Çuxuryurd kənd sakini, 1951-ci il təvəllüdlü İbrahimova Şövkət Seyfəddin qızını vurub. Ağır bədən xəsarətləri alan Şövkət İbrahimova hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

 

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən daha bir avtomobil qəzası baş verib. hadisə bu gün səhər saatlarında Şamaxı şəhərinin Nərimanov küçəsində qeydə alınıb. Rayon sakini Abbasov Zahir Əjdər oğlu idarə etdiyi 56-BC-196 dövlət nömrə nişanlı “VAZ 2104” markalı minik avtomobili sürətlə hərəkət edərkən yolu keçən piyadanı, 1986-cı il təvəllüdlü Manafov Babək Fariz oğlunu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Babək Manafov təcili olaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralını xəstəxanaya hadisəni törədən sürücü çatdırıb. Həkimlərin səyi nəticəsində Babək Manafovun həyatı xilas edilib.

Müəllif | Apa.Tv
Apa.tv