MHP-nin qurultayının tarixi açıqlandı

Milliyyətçi Hərəkat Partiyasının qurultayının tarixi açıqlanıb. APA TV-nin məlumatına görə, qərarı qurultayın keçirilməsi üçün məhkəmə tərəfindən müəyyənləşdirilən üç nəfərdən ibarət Qəyyum Heyəti açıqlayıb. Heyətin qərarına əsasən, MHP qurultayı iyunun 19-da Ankara Böyük Anadolu mehmanxanasının konfrans zalında keçiriləcək.

 

Xatırladaq ki, Ali Məhkəmənin qərarından sonra qurultay keçirilməsinə razılıq verməyə məcbur qalmış MHP lideri Dövlət Baxçalı ali orqanın toplantısının 26 iyun, yaxud 10 iyulda keçiriləcəyini açıqlamışdı. Müxaliflər isə məhkəmə qərarından sonra Baxçalının qurultayın tarixini müəyyənləşdirmə hüququ olmadığını iddia etmiş və bununla bağlı Qəyyum Heyətinin qərarının açıqlanmalı olduğunu bəyan etmişdi.

 

Qəyyum Heyəti keçiriləcək qurultayın Nizamnaməyə dəyişiklik qurultayı statusunda olacağını bəyan edib. Partiya nizamnaməsinə əsasən, növbədənkənar qurultayda sədrliyə seçkilər keçirilə bilməz. Müxaliflərin əsas tələbi nizamnamədən bu maddənin çıxarılmasıdır. 19 iyun qurultayında nizamnaməyə müvafiq dəyişiklik edildikdən sonra sədr seçkilərinin keçirilməsi gündəmə gələ bilər. Qeyd edək ki, Ali Məhkəmənin qərarından sonra Dövlət Baxçalı qurultayda MHP sədri postuna namizəd olacağını açıqlayıb. Bundan əvvəl isə Sinan Oğan, Meral Akşener, Koray Aydın və Ümit Özdağ sədrliyə namizəd olacaqlarını bəyan ediblər. 

Müəllif | Apa.Tv
Apa.tv