Prezident Əfqanıstan Təhlükəsizlik Şurasının katibini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib.

APA TV-nin məlumatına görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə rəsmi səfərini xatırlayan dövlət başçısı səfərin uğurlu və səmərəli keçdiyini məmnunluqla qeyd edib. Prezident hər iki ölkənin dövlət başçıları səviyyəsində çox yaxşı münasibətlərin qurulduğunu deyib. Əfqanıstan prezidenti ilə apardıqları müzakirələrə toxunan dövlət başçısı prezident Məhəmməd Əşrəf Qaninin Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi və ölkənin inkişafının davam etdirilməsi istiqamətində atdığı addımların, o cümlədən Əfqanıstanın gələcəyi ilə bağlı fikirlərinin onda dərin təəssürat yaratdığını vurğulayıb. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu deyən prezident İlham Əliyev Azərbaycanın daim Əfqanıstanın yanında olacağını qeyd edib. Dövlət başçısı Əfqanıstan Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin, eləcə də əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsi baxımından önəmini vurğulayıb.

Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O deyib ki, prezident Məhəmməd Əşrəf Qani ilk prezident olaraq Azərbaycan prezidenti ilə görüşündən şərəf hissi duyur. Mohammad Xanif Atmar bildirib ki, ölkəsinin prezidenti Azərbaycan prezidenti İlham Əliyevin İslam ölkələri birliyindəki rolunu yüksək qiymətləndirir və bu istiqamətdəki fəaliyyətini minnətdarlıqla qeyd edir.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstan Prezidentinə çatdırmağı xahiş edib.

 

Müəllif | Apa.Tv
Apa.tv