Xırdalanda 31 yaşlı ailə başçısı özünü 9-cu mərtəbədən atdı
Xırdalan şəhərində intihar hadisəsi baş verib. APA TV-nin məlumatına görə, şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən kişi özünü yerə atıb. O, yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı məlum olub ki, intihar edən şəxs binanın 9-cu mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü Hacıyev Cavid Mobil oğludur.
Meyit müayinə olunması üçün Respublika Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərilib.
APA TV-nin hadisə yerində olan əməkdaşları dəqiqləşdirib ki, 31 yaşlı Cavid Hacıyev özünü pəncərəsindən atdığı mənzildə ailəsi ilə yaşayıb. Gənc ailənin azyaşlı qızı var. Qonşular Cavid Hacıyevi sakit xarakterli şəxs kimi tanıyır. Bir neçə gündür ki, onun həyat yoldaşı və qızı harasa gedib və Cavid Hacıyev mənzildə tək yaşayıb. Mayın 30-u gecə saatlarında evə gələn Cavid Hacıyev üzərindəki qızıl əşyaları, saatını və pulunu evdə qoyaraq, özünü pəncərədən atıb.
İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin ehtimala görə, Cavid Hacıyev ailəsində yaranmış münaqişə üzündən intihar edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.