Müşfiqabadda 9-cu mərtəbədəki mənzili damdan girib soydular
Bakının Müşfiqabad qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, Soltan Şıxıyevə məxsus mənzildən oğurluq səhər saatlarında baş verib.
Ev sahibinin dediyinə görə onlar evdə olmadığı bir vaxtda eyvanın qapısını açıq qoyublar. Mənzil binanın sonuncu - 9-cu mərtəbəsində yerləşir. Oğrular isə bu əlverişli şəraitdən istifadə ediblər. Mənzilə daxil olduqdan sonra naməlum şəxs və ya şəxslər yataq otağını ələk-vələk ediblər. Onlar paltar dolabından dəyəri 8 min manat olan qızıl-zinət əşyalarını götürüblər. Bundan başqa, evdən 2900 manat nağd pul və ev sahibinin oğluna məxsus sənədlər də aparılıb.
Soltan Şıxıyev deyir ki, oğrular evdə olarkən onun özü qayıdıb və mənzilin qapısını açmaq istəyib. Lakin qapı içəridən kilidlənmiş olub.
Ev sahibi onu da deyir ki, qapını açmaq istəyəndə binanın damında tanımadığı şəxsi görüb.
Polisə məlumat daxil olduqdan sonra hadisə yerinə kriminalistlər gəlib. Şübhəlilərin əl izinin ola biləcəyi əşyalar maddi sübut götürülüb. Bundan başqa, əl-barmaq izləri də çıxarılıb.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları binanın damına yaxın ərazidə yerləşən müşahidə kamerasının görüntülərini də araşdırır.