Xırdalanda narkoman taksi sürücüsü tutuldu: “... biabır oldum”
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları 45 yaşlı narkomanı saxlayıb. APA TV-nin məlumatına görə, Samir Məmmədov ilkin ifadəsində bir ildir narkotikə qurşandığını bildirib və bunu “xəstəlik” adlandırıb: “Düşmüşəm də bu xəstəliyə. Taksidə işləyirdim. Ordan-burdan əlimə keçdi, başladım. Hərdən iynə də vururam. Amma çox vaxt iyləyirəm”.
Əməliyyatçılar Samiri Xırdalan şəhərində şübhəli hərəkətlərinə görə saxlayıblar. Polis idarəsinə gətirilən Samir Məmmədovun üzərindən heroin aşkarlanıb.
Taksi fəaliyyəti ilə məşğul olan 45 yaşlı Samir gündəlik qazancının bir hissəsini narkotik almağa xərcləyib. Samir Məmmədov peşmanlıq çəkdiyini bildirib: “Çox peşmanam. Uşaq, ailə qaldı. Onun-bunun yanında biabır oldum”.
Samirin məktəbli övladı da var. Özünün dediyinə görə, narkotikdən istifadə etdiyini ailəsi bilmirmiş.