Şəmkirdə kəsilən ağac maşının üstünə düşdü, sürücü öldü
Şəmkirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin məlumatına görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində baş verib.
Rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas Adlı şəxslər razılıq əsasında kənd sakini Məhruqə Musayevaya məxsus həyətyanı sahədə yerləşən 25-30 metr hündürlükdə olan ağacı kəsiblər. Ağac küçədə hərəkətdə olan və kənd sakini, 1949-cu il təvəllüdlü Rasif İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə düşüb. Qəza zamanı sürücü hadisə yerində ölüb.
Meyiti avtomobildən çıxarmağa əvvəlcə yaxınlıqda olan kənd sakinləri, sonra isə ağacı kəsən şəxslər gəlib. Şahidlərin bildirdiyinə görə, hadisədən əvvəl ərazidən bir neçə avtomobil keçib. Sakinlərin yolda təhlükəsizlik tədbirləri görülməsi ilə bağlı xəbərdarlıqları isə nəticəsiz olub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb. Ağac kəsən şəxslər polis tərəfindən saxlanılaraq, istintaqa cəlb olunublar.