NATO hərbi xərclərini artırır - RUSİYA TƏHLÜKƏSİNƏ QARŞI

NATO uzun illərdən sonra Avropadakı hərbi kontingentinin gücləndirilməsi istiqamətində xərcləri artırdığını açıqlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu alyansın baş katibi Yens Stoltenberq təsdiqləyib.

O bildirib ki, bu addım NATO-ya üzv olan qitə ölkələrinin Rusiya təcavüzündən sığortalanması məqsədilə atılıb. "Bizim müttəfiqlərimiz təhlükə qarşısındadır. Onlar bəzən hədələnirlər, bizə birlik, güc və stabillik lazımdır", - deyə o qeyd edib.

Xatırladaq ki, ötən il alyansa üzv olan Avropa ölkələri müdafiənin gücləndirilməsinə ümumilikdə 253 milyard dollar sərf ediblər. Öz növbəsində ABŞ bu məqsədlə 618 milyard dollar xərcləyib.

Alyansın planlarına görə, müdafiə məqsədilə ÜDM-in 2 faizi ayrılmalıdır, qitə ölkələri üçün isə bu çətin görünür. Hazırda bu istiqamətdə xərclər ÜDM-in təqribən 1,43 faizi səviyyəsindədir.

Müqayisə üçün bildirilir ki, ötən əsrin 80-ci illərin sonlarında NATO-nun Avropadan olan üzv ölkələri müdafiə məqsədilə ÜDM-in 3,1 faizini ayırıblar. Rəqəm "soyuq müharibə" illərindən sonra uzun müddət 2 faizdən aşağı enməyib. 2008-ci ildən sonra isə ayrılan məbləğ azalıb.

Hazırda alyansın əsas qitə üzvləri olan ölkələr özlərinin müdafiə büdcələrini artırıblar. Belə ki, Rusiya ilə həmsərhəd olan Latviya bu il üçün 60 faiz, Litva 35 faiz, Estoniya isə 9 faiz əlavə xərc ayırıb. Bu ölkələrlə yanaşı, Polşa da müdafiənin gücləndirilməsi məqsədilə büdcədən 9 faiz əlavə xərc ayıracağını bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv