Ermənistan Müdafiə Nazirliyinin bir generalı və iki polkovniki həbs edildi
Ermənistan Müdafiə Nazirliyinin bir generalı və iki polkovniki həbs edilib. APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, saxlanılan general Mels Çilingəryan, polkovniklər Mqer Papyan və Armen Marqaryan müxtəlif maddələrlə ittiham olunurlar.
Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyanın bildirdiyinə görə, həbs olunan yüksək vəzifəli şəxslər Ermənistan ordusunu keyfiyyətsiz mallarla təchiz edib və yeyintilərə yol veriblər.
Xatırladaq ki, mayın 12-də də Ermənistanın Hərbi İstintaq Komitəsi vəzifəsindən sui-istifadə edərək qanunsuzluqlara yol verən Ermənistan silahlı qüvvələrinin avtomobil xidmətinin rəhbəri David Abraamyan haqqında cinayət işi başlayıb.
Qeyd edək ki, prezident Serj Sarkisyanın sərəncamı ilə bu yaxınlarda Ermənistan müdafiə nazirinin müavini, nazirliyin texniki təchizat şöbəsinin rəisi Alik Mirzabekyan, baş qərargahın rəisi Arşak Karapetyan və rabitə idarəsinin rəisi Komitas Muradyan da tutduqları vəzifələrdən azad ediliblər.