Ağdaşda 9 avtoxuliqan həbs edildi
Ağdaş rayon Polis Şöbəsi Yol Polisi Bölməsinin əməkdaşları qayda pozan sürücülərə qarşı reyd keçiriblər.
APA TV-nin yerli bürosunun xəbərinə görə, reyd zamanı bir neçə sürücü tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədləri qaydasında olmayan sürücülər aşkar edilib. 9 sürücü isə avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
Reyd zamanı toy karvanında olan avtomobillər avtoxuliqanlıq etdiyinə görə dəfələrlə yol polisi əməkdaşları tərəfindən "saxla!" əmri verilsə də, buna məhəl qoymayıblar. Bu cür avtomobillər saxlanılaraq sürücüləri barəsində tədbir görülüb. Saxlanılan sürücülər hərəkətlərinə haqq qazandıraraq, bunun toylarda bir adət olduğunu deyiblər.
Bütün bunlara baxmayaraq əməllərindən, peşman olanlar da olub. Saxlanılan 8 sürücü barəsində Ağdaş rayon Məhkəməsinin qərarı ilə 18, bir sürücüyə isə 15 gün müddətinə inzibati qaydada həbs elan edilib.
Bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.