Bakıda “İfadə və media azadlığı” layihəsi üzrə dəyirmi masa keçirildi
Bakıda Avropa Şurasının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin “İfadə və media azadlığı” layihəsi üzrə dəyirmi masa keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, müstəqillik əldə olunandan sonra ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün müəyyən addımlar atılıb, Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyəti nəzərdə tutan 147 və 148-ci maddələrinin tətbiq edilməsinə moratorium tətbiq edilib.
Administrasiya rəsmisi deyib ki, vaxtaşırı Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi istiqamətində müəyyən fikirlər səslənib. Lakin ölkə rəhbərliyinin mövqeyi bundan ibarətdir ki, bu qanunun qəbulu və tətbiq edilməsi yalnız jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına nail olunduqdan sonra mümkün ola bilər.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki, təmsil etdiyi qurum media plüralizmini üzv ölkələrdə, o cümlədən Azərbaycanda təşviq edir. O qeyd edib ki, “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi də məhz bu qəbildən olan bir layihədir. D.Filipoviç son dövrlər Azərbaycanda söz və fikir azadlığının təmin olunması istiqamətində görülən işləri təqdir etdiyini də bildirib.
Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrik Pennikx 250 il əvvəl İsveç parlamentinin media azadlığı ilə bağlı liberal qanun qəbul etdiyini bildirib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, diffamasiya məsələsi ölkəmiz üçün yeni deyil. Şura sədrinin sözlərinə görə, Azərbaycanda jurnalistlərin hüquq və azadlıqlarının təminatı məsələsinə ölkə prezidenti İlham Əliyev tərəfindən mütəmadi olaraq dəstək göstərilir.
Qeyd olunub ki, Avropa Şurası Azərbaycanda "Diffamasiya haqqında" qanunun tez bir zamanda qəbul edilməsində maraqlıdır və bununla bağlı həyata keçirilən birgə fəaliyyəti bundan sonra da davam etdirəcək.