Zahid Oruc: "Oğrular az qala parlament üzvlərinin də evinə girir"

Bu gün Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, son plenar iclasa formatına görə digərlərindən fərqlənib. Belə ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə günü ilə əlaqədar Milli Məclisin bugünkü iclasında deputatlarla yanaşı, bir qrup azyaşlı uşaq da iştirak edib.

 

Spiker Oqtay Əsədov həmin uşaqların simasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün dünya uşaqlarını təbrik edib: “Sevindirici haldır ki, iclasımızda uşaqlar da iştirak edir. Bayaqdan necə sakit, mədəni dayanıblar, bizi dinləyirlər. Onları parlamentimizin adından bir daha təbrik edirik”.

 

Spikerin bu fikirləri millət vəkilləri tərəfindən də alqışlarla qarşılanıb və uşaqlar da bunun qarşılığında “sağ olun” deyə öz təşəkkürlərini ifadə ediblər.

 

Bundan sonra iclasın gündəliyinin müzakirəsi başlanıb. Gündəliyə 12 məsələ daxil edilib. Əvvəlcə "Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında" sənəd müzakirəyə çıxarılıb.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcənin icrası barədə məlumat verərək bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi iqtisadiyyata da öz mənfi təsirini göstərib. Bununla belə, 2015-ci ildə iqtisadi inkişafa nail olunub və bu, özlüyündə böyük nailiyyətdir.

 

Daha sonra Hesablama Palatasının rəyi dinlənilib.

 

"2015-ci il dövlət büdcəsinin icrası haqqında" layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bildirib ki, "Azərenerji" ASC-nin borcu 1 milyard manata yaxınlaşır və bu, artıq düşündürücü rəqəmdir.

 

Millət vəkili əlavə edib ki, SOCAR Gürcüstanın yaşayış məntəqələrini aktiv şəkildə qazla təchiz etsə də, Azərbaycanın bəzi kəndləri hələ də qazsızdır. Elə kəndlərimiz var ki, 90% qazlaşdırılıb, işlər yarımçıq saxlanılıb. Bu işləri yarımçıq saxlamaq olmaz.

 

Deputat son vaxtlar artan oğurluq hallarına da toxunub və bununla bağlı həmkarlarına xəbərdarlıq edib: "Maliyyə naziri Samir Şərifov devalvasiya baş verən zaman ictimaiyyətə müraciət etdi və dedi ki, pullar evdə saxlanılmasın, əks halda, oğurlanacaq. Elə də oldu. Son günlər sosial yönümlü oğruların sayı artıb. Oğrular az qala parlament üzvlərinin də evinə girir. Ehtiyatlı olun!"

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, informasiya müharibəsi dövlət üçün də önəmli olduğu üçün maliyyə baxımından KİV-ə daha çox diqqət ayrılmalıdır.

 

Deputat Qənirə Paşayeva isə bildirib ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu iyunun 2-də Almaniya Bundestaqında uydurma "erməni soyqırımı" məsələsinin səsverməyə çıxarılması ilə bağlı alman həmkarlarına müraciət etməlidir. Onun sözlərinə görə, verilən açıqlamalar onu deməyə əsas verir ki, Bundestaqda bu məsələ ilə bağlı hansısa ciddi addımların atılması gözlənilir: "Mən təklif edirəm ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvləri alman həmkarlarına müraciət edərək bu prosesin qarşısını almağa çağırsın. Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqda qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vuracaq. Ona görə belə bir qərarın qəbul olunmasının qarşısı alınmalıdır".

 

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv