"APA Holdinq"in seçki fəaliyyəti - STATİSTİKA

2013-cü ilin prezident seçkiləri prosesini işıqlandırmaq, həyata keçirilən tədbirlərdən operativ informasiya çatdırmaq “APA Holdinq”ə daxil olan media orqanlarının əsas prioriteti olub.

 

Prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər, namizədlərin təbliğat və təşviqatı dövründə aparılan televiziya debatları, canlı efirdə müzakirələr, xarici ölkə nümayəndələrinin seçki texnologiyası haqqındakı rəylərini işıqlandırmaq media şirkətinin iş prinsipi olaraq qəbul edilib. 

 

Prezident seçkilərinin təbliğat və təşviqatı dövründə “APA Holdinq”ə daxil olan “APA TV”- də prezidentliyə namizədlər Qüdrət Həsənquliyev, Hafiz Hacıyev və Zahid Orucun mitinqi ödənişli əsaslarla canlı işıqlandırılıb, ictimai-siyasi proqramlarda seçkilərlə bağlı ölkənin tanınmış politoloq və ekspertlərinin iştirakı ilə müzakirələr keçirilib, oktyabrın 9-da televiziya altı saatlıq canlı yayımda debatlarla efirdə olub, 14 saat yayım həyata keçirib. Ölkənin bütün bölgələrindən, Rusiya, Gürcüstan, Türkiyə, Fransa, İran, Litva, Səudiyyə Ərəbistanı və digər ölkələrdən telefon bağlantısı yaradıb. APA TV seçki günü Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzindən olan bütün mətbuat konfransları və hesabatları, həmçinin xarici şirkətlərin keçirdiyi “exit-poll” nəticələrini canlı yayımlayıb.      

 

APA Holdinq” prezident seçkilərində ABŞ-ın “Arthur J. Finkelstein & Associates” (AJF) şirkəti ilə “exit-poll” həyata keçirib. Şirkət Azərbaycana media tərəfdaşı kimi “APA Holdinq”in dəvəti ilə gəlmişdi. Bununla bağlı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı və AJF-nin icraçı direktoru Barbara Fiala arasında müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, AJF seçki günü APAİnformasiya Agentliyinin sifarişi və tərəfdaşlığı ilə “exit-poll” keçirib, seçki kampaniyası dövründə sorğular edib, zəruri məsləhətlər verib. AJF ABŞ-da fəaliyyət göstərən nüfuzlu şirkətdir. Bu şirkət “exit-poll”, rəy sorğuları, analiz, media strategiyası və imic məsləhətləri kimi xidmətlər göstərir. Şirkət nümayəndələri 40 il ərzində ABŞ, Kanada, İsrail və Şərqi Avropada müxtəlif siyasi kampaniyalarda məsləhətçilik edib, sorğular keçirib, strategiyalar hazırlayıblar.

 

APA Holdinq”ə daxil olan saytlarda seçki təşviqatı və 9 oktyabr günü ümumilikdə 3 minə qədər xəbər yazılıb.

 

Seçki günü 50-yə qədər xarici müşahidəçinin rəyi öyrənilib, prezidentliyə namizədlərin hər birinin qərargahından və səsvermə məntəqəsindən reportaj yayımlanıb. Şirkət seçki prosesini təkcə paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində izləyib. Eyni zamanda Gürcüstan, Türkiyə, Rusiya, ABŞ, Fransa və digər ölkələrdəki müxbirlər də seçki ilə bağlı xəbərlər və rəylər təqdim ediblər.

 

APA İnformasiya Agentliyi 9-10 oktyabr tarixlərində seçki prosesini izləyən 47 beynəlxalq və yerli təşkilatların, müşahidə qrupunun və “exit-poll” keçirən təşkilatın mətbuat konfransını işıqlandırıb. Seçki ilə bağlı rəyini açıqlamış onlarla beynəlxalq təşkilatın və təşkilat rəsmisinin rəyini yayıb. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv