Polisin saxladığı sərxoş sürücü maşınına od vurdu: 4 maşın yandı
Ötən gecə Abşeron rayonunda Baş Dövlət Yol Polis İdarəsinin 15 saylı cərimə meydançasında yanğın olub.
APA TV-nin məlumatına görə, yanan avtomobillərdən birinin alovu digər 3 maşına keçib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, Yol Patrul Xidməti əməkdaşlarının keçirdiyi reyd zamanı "Crysler" markalı avtomobilin sürücüsü Elnur adlı şəxs sərxoş olub. Onun avtomobili cərimə meydançasına gətirilib. Sürücü isə bununla razılaşmayıb. Cərimə meydançası əməkdaşlarının dediyinə görə, "Crysler"in sürücüsü öz avtomobilinə benzin tökərək yandırıb.
Yanğın dayanacaqdakı "Mercedes", "Mitsubishi" və "Ford" markalı digər avtomobillərə keçib. Hadisədən sonra sürücü saxlanıb. Araşdırmalar zamanı məlum olub ki, avtomobili sərxoş halda idarə edən sürücünün heç sürücülük vəsiqəsi də olmayıb.
Cərimə meydançasında yanan maşınlara görə məsuliyyəti kimin daşımasına gəlincə isə, Baş Dövlət Yol Polisinin şöbə rəisi Kamran Əliyev bildirib ki, yanğın hadisəsinə görə yol polisinin dayanacağı heç bir məsuliyyət daşımır: "Yanğının baş verməsinə konkret şəxs səbəb olub. Belə ki, polis əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü nəqliyyat vasitəsi ilə birgə cərimə meydançasına (dayanacağa) gətiriblər. Dayanacaqda həmin şəxs avtomobildən şəxsi əşyalarını götürmək istədiyini bildirib və polis əməkdaşları da razılıq veriblər. Sərxoş şəxsin maşınında butulkada benzin olub və maşından həmin yanar maddəni götürərək öz avtomobilinin üzərinə tökərək od vurub. Yanğının miqyası getdikcə genişlənib və ərazidəki avtomobillərə də yayılıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hadisəni törədən sürücü tutularaq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb. Dəyən maddi ziyanla bağlı isə məhkəmə qərar verəcək".
Hazırda sərxoş halda öz avtomobilinə od vuran şəxs barəsində Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.