MSK: ATƏT/DTİHB-lə əməkdaşlığı dayandıra bilərik
Azərbaycanın Mərkəzi Seçki Komissiyası ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və ATƏT Parlament Assambleyasının Azərbaycanda keçirilmiş seçkilərinə dair İlkin Faktlar və Nəticələr üzrə bəyanatına münasibət bildirib. MSK-nın bəyanatda deyilir ki, qurum ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərə dair ilkin hesabatını Azərbaycan seçicilərinin iradəsinin təhqiri kimi qiymətləndirir və ümumiyyətlə qəbul etmir: "Azərbaycanda keçirilən prezident seçkilərinə oktyabr ayının 10-da ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun verdiyi qiymət bu seçkiləri müşahidə edən digər 20 beynəlxalq təşkilatın mövqeyindən kəskin surətdə fərqlənir və bu cür hesabatı qəbul etməklə ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun özünü təcrid vəziyyətinə salmış olur".
Mərkəzi Seçki Komissiyası seçkiləri Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT və Avropa İttifaqı kimi çox nüfuzlu beynəlxalq qurumların təmsilçiləri, Fransa, İtaliya, Böyük Britaniya, Rusiya, Türkiyə və bir sıra digər ölkələrin parlamentariləri, MDB-nin, Türkdilli Ölkələrin Parlament Assambleyasının və seçkilərə yüzlərlə müşahidəçi ilə qatılmış digər Avropa və Amerika təşkilatlarının nümayəndələri izləyib və yekunda bu seçkiləri çox yüksək qiymətləndirərək, proseslərin azad və ədalətli keçirildiyini, seçkilərin nəticələrinə kölgə sala biləcək hər hansı bir halın müşahidə olunmadığını bəyan ediblər. Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti seçkilərin nəticələrinə dair yaydıqları 10 oktyabr tarixli bəyanatlarında Azərbaycan Respublikasında prezident seçkilərinin azad, şəffaf və ədalətli keçdiyini xüsusi vurğulayıblar: "Lakin ənənəvi olaraq, yalnız bir qurum - ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda keçirilən seçkilərə qarşı yenə də qərəzli, ümumi müşahidə ab-havasında xüsusi qeyri-obyektivliyi ilə fərqlənən mövqe tutub. Bu seçkilərin müşahidəsinə dair missiyanın ilkin hesabatı çoxsaylı müşahidəçilərin real müşahidələri və faktlara söykənən mövqelərinə tamamilə zidd olub, həqiqətin açıq şəkildə təhrif olunmasına xidmət edən aralıq hesabatlarındakı qərəzli xətti davam etdirib. Qonşu ölkələrdə keçirilən seçkilər zamanı kobud qanun pozuntularına, o cümlədən insan həyatına qarşı sui-qəsdlərə göz yuman ATƏT DTİHB həqiqətə uyğun olmayan, uydurulmuş iradları Azərbaycana qarşı irəli sürməkdə davam etməkdədir".
Mərkəzi Seçki Komissiyası bildirir ki, prosesə kölgə salmaq səyləri ilə xüsusi fərqlənmiş bu hesabat tərtib edilərkən ən azı sadə balanslaşdırma prinsipinə məhəl qoyulmayıb.
Mərkəzi Seçki Komissiyası sözügedən hesabat tərtib edilərkən müşahidə aparılması iddia edilən məntəqələr üzrə ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə qruplarının rəylərinin qurumun internet səhifəsində açıqlanmasını və eyni zamanda, MSK-ya təqdim edilməsini israrla təkid edir və yalnız bundan sonra indi və gələcəkdə ediləcək təkliflərlə bağlı müvafiq addımlar atıla biləcəyini qurumun diqqətinə çatdırır. Mərkəzi Seçki Komissiyası bəyan edir ki, beynəlxalq qurumlarla qarşılıqlı konstruktiv əməkdaşlığı yüksək qiymətləndirir və öz fəaliyyətində demokratik meyarları rəhbər tutan təşkilatlarla əlaqələrini daha da genişləndirərək inkişaf etdirmək niyyətində olduğunu və bir qayda olaraq qərəzli mövqe nümayiş etdirən ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ilə gələcəkdə əməkdaşlıq edilməsi məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyəti qarşısında qaldığını bildirir.