Coratda polisə şikayətə gedən qadının evini yandırdılar
Ötən gün Sumqayıtda vətəndaşa məxsus ev yanaraq kül olub. APA TV-nin məlumatına görə, hadisə Corat qəsəbəsi, Nəsimi küçəsi-455A ünvanında qeydə alınıb.
Qəsəbə sakini Mətanət Əliyevanın evində güclü yanğın başlayıb. Hadisə yerinə çağırılan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qonşu evlərə keçməsinin qarşısını ala biliblər.
Hadisə vaxtı Mətanət Əliyeva və övladları evdə olmayıb. Zərərçəkənin sözlərinə görə, evi qəsdən yandırıblar. Belə ki, naməlum şəxs və ya şəxslər onun pəncərəsini sındırıb. Bundan sonra o, şikayət etmək üçün polis bölməsinə yollanıb: "Günorta saat 12 radələrində mənə zəng vurdular ki, evinin pəncərəsini sındırıblar. İşdən dərhal icazə alıb gəldim. Polisə məlumat verdim. 1-ci polis bölməsindən əməliyyatçılar gəldilər, maraqlandılar və dedilər ki, tədbir görəcəyik. Ərizəmi də götürüb getdilər. Dedim, bəs sahə müvəkkili gəlib maraqlanmalıdır. Çünki bu sui-qəsddir. 6 ildir burda yaşayıram, 3 ildir yoldaşım rəhmətə gedib, hələ qapımı döyən olmayıb. Dedilər, narahat olmayın, sahə müvəkkilini göndərəcəyik. Aradan bir neçə saat keçməsinə baxmayaraq, mənim işimlə maraqlanan olmadı və mən yenidən "102"-yə yığıb bu barədə məlumat verdim. Yenidən məni polis bölməsinə çağırdılar və yenə ərizə yazdım. Evə qayıdandan uşaqları qonşudan götürəndə bildim ki, evimi yandırıblar".
Yanğının baş vermə səbəbləri araşdırılır. Faktla əlaqədar Sumqayıt şəhər 1-ci polis bölməsində araşdırmalara başlanılıb.