Gürcüstanın müdafiə naziri NATO ölkələrinin paytaxtlarına səfərə çıxdı
NATO-nun Varşava sammiti öncəsi tərəfdaşlar aktivləşib. APA TV-nin Gürcüstan mətbuatına istinadən xəbərinə görə, ölkənin müdafiə naziri alyansa üzv ölkələrinin paytaxtlarına səfər edəcək.
Nazirin ilk olaraq Polşaya gedəcəyi bildirilir. O, həmçinin Vrotslav şəhərində keçiriləcək qlobal forumda iştirak, panel toplantılarının birində çıxış edəcək.
Bundan sonra Tinatin Xidaşeli ABŞ-a yollanacaq. Okeanın o tayında xanım nazir ikitərəfli müzakirələrə qatılacaq, BMT-nin mənzil-qərargahında görüşlər keçirəcək.
"Biz Gürcüstandakı təlimlər zamanı Amerikanın yüksək çinli şəxslərindən vədlər almışıq və müzakirələrimiz də həmin vədlər əsasında, Gürcüstanın müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi çərçivəsində aparılacaq", - deyə Xidaşeli bildirib.
Daha sonra isə gürcü nazir fransalı həmkarı ilə görüşəcək. Görüşdə Varşava sammitində Gürcüstanın hava hücumundan müdafiə məsələləri barədə danışılacaq.
İyunun 14-ü və 15-də isə Xidaşeli Brüsseldə NATO-nun Baş Qərargahında alyansa üzv ölkələrin müdafiə nazirləri ilə Varşava sammiti ilə əlaqədar görüşlərə qatılacaq.