Xəzər polisi narkomaniya əleyhinə növbəti maarifləndirici tədbir keçirdi

Xəzər RPİ-nin təşəbbüsü ilə 322 saylı orta məktəbdə 200 şagird və müəllim heyətinin iştirakı ilə "Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə", "Narkomaniya əsrin bəlasıdır" mövzusunda maarifləndirici tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Xəzər RPİ-nin rəisi Azər Muradov, rəis müavini İsmayıl Qasımov, məktəbin direktoru Mürvət Mirzəyev, 14 saylı Birləşmiş Şəhər Klinik Xəstəxanasının həkim narkoloqu Validə Qurbanova, rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

 

Tədbirdə çıxış edən Xəzər RPİ-nin rəisi Azər Muradov şagirdlərə sağlam həyat tərzinin vacibliyi, şagirdlər arasında anti-narkotik dünyagörüşünün formalaşdırılması, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" çərçivəsində görülən işlərdən söhbət açıb.

 

Rəis müavini İsmayıl Qasımov rayon ərazisində il ərzində müsadirə olunan narkotik xassəli bitkilərin aşkar olunması və saxlanılan şəxslərin statistikasını açıqlayıb. Həkim-narkoloq Validə Abbasovanın əyani şəkildə monitorda göstərdiyi və izah etdiyi "Narkomanlar əvvəl və sonra" süjeti isə şagirdlər tərəfindən diqqətlə qarşılanıb.

 

Qeyd edək ki, bu, Xəzər RPİ-nin şagirdlər arasında bu il ərzində keçirdiyi 5-ci maarifləndirmə tədbiridir.

 

Müəllif | Apa.Tv
Apa.tv