Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirilir
Bakıda "Caspian Oil&Gas 2016" Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb.
APA TV-nin xəbərinə görə, iştirakçılar arasında Azərbaycanla yanaşı, Qazaxıstan, Belçika, Çin, Niderland Krallığı, Polşa, Portuqaliya da daxil olmaqla, 30 ölkədən 240-dan çox şirkətin adı var.
İştirakçılar tərəfindən builki sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlər təmin edilməsi, boru xətlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə avadanlıqlar təqdim olunub.
Ənənəvi iştirakçılarla yanaşı, builki sərginin işində bir neçə yeni şirkət də təmsil olunur.
Qeyd edək ki, sərgi çərçivəsində həmçinin "Caspian Oil&Gas" 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Konfransı da keçiriləcək. 2-3 iyun tarixlərində təşkil olunacaq konfransın işinə dünyanın 30-dan artıq ölkəsindən 400 nəfərə yaxın nümayəndənin qatılacağı nəzərdə tutulub. "Caspian Oil&Gas" konfransının gündəliyinə neftin aşağı qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı və idarə olunması, o cümlədən nəqli ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq.