Qusarda əməliyyat zamanı yaralanan rəis müavini başqa rayona polis rəisi təyin edildi
Daxili işlər orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qusar rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək, Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya yeni təyinat xəbərini təsdiqləyiblər.
Xatırladaq ki, Məhəmməd İbrahimov bir neçə il əvvəl Qusarda vəhhabilərə qarşı keçirilən xüsusi əməliyyatda yaralanıb.
Ağcabədinin bundan əvvəlki rəisi Şamil Seyidli ötən bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.