Rusiya və Səudiyyə Amerikan aktivlərinə kapital qoyuluşunu məhdudlaşdırdı

Rusiya və Səudiyyə Ərəbistanı ötən bir il ərzində Amerikan aktivlərinə kapital qoyuluşlarını 50 milyard dollaradək məhdudlaşdırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu addımın azalan neft qiymətləri və rublun devalvasiyası fonunda atıldığı bildirilib.

ABŞ Maliyyə Nazirliyinin mayın 31-də açıqladığı məlumatlara əsasən, 2014-cü ilin analoji dövrü ilə müqayisədə Rusiyanın Amerikan aktivlərinə maliyyə yatırımları 42,1 milyard azalaraq, 72,9 milyard dollar səviyyəsinə enib. Səudiyyə Ərəbistanına gəlincə, krallığın kapital qoyuluşlarında isə 10,5 milyardlıq azalma müşahidə olunub. Beləliklə, adı çəkilən ölkənin ABŞ-a kapital yatırımları 183,8 milyard dollar təşkil edib. Səudiyyə Ərəbistanının investisiyalarındakı azalma Amerikan şirkətlərinin səhmlərinə kapital yatırımlarının kəskin azalması hesabına baş verib. Krallığın investisiyaları ötən dövrlə müqayisədə 26 milyard dollar azalaraq, 52,4 milyard dollar təşkil edib.

Rusiyadan ABŞ iqtisadiyyatına qoyulan sərmayələrdəki azalmanın məbləği digər ölkələrə nisbətən daha ciddi mahiyyət kəsb edir. Hələ may ayında ilk dəfə olaraq Səudiyyə Ərəbistanının Birləşmiş Ştatların nəhəng kreditorlarından biri olduğu açıqlanıb. Hazırda bu ölkə ABŞ-ın 116,8 milyard dollar həcmindəki borc öhdəliklərinə sahibdir.

"Bloomberg" agentliyinin məlumatına görə, ABŞ-ın Səudiyyə hökuməti qarşısında borc öhdəliklərinin yuxarıda göstərilən məbləğdən daha artıq olacağı da istisna edilmir. Beynəlxalq Valyuta Fondunun statistikasına əsasən, mərkəzi banklar malik olduqları valyuta ehtiyatlarının 2/3 hissəsini dollarla yerləşdirməyə üstünlük verir. Səudiyyə Ərəbistanının valyuta ehtiyatları 587 milyard dollar həcmində qiymətləndirilir.

Qeyd edək ki, yaxın vaxtlarda Səudiyyə Ərəbistanı borc bazarında 15 milyard dollar həcmində qiymətli kağız yerləşdirəcəyini açıqlayıb. Analoji aktivlərin bir hissəsinin bu ilin iyul ayında yerləşdirilməsi planlaşdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv