Amerikalı həmsədr: “Prezidentlərin iyun görüşü çox vacibdir”
“Elmar Məmmədyarovla ATƏT araşdırma mexanizminin yaradılması üçün təkliflər barədə fikir mübadiləsi apardıq və hərtərəfli sülh sazişinin elementlərini müzakirə etdik”.
Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri prezidentlərin Vyana görüşünün nəticələrini müzakirə etmək və onların növbəti görüşünü hazırlamaq üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər: “Biz həmçinin eyni məsələləri müzakirə etmək üçün Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla iyunun 2-də Parisdə görüşəcəyik. Prezidentlərin növbəti görüşü ilə bağlı dəqiq tarix olmasa da, bu görüşün iyunda baş tutacağını gözləyirik. Bu, atəşkəsin möhkəmləndirilməsi, araşdırma mexanizminin həyata keçirilməsi ilə bağlı razılaşmanın əldə olunması, hərtərəfli sülh sazişinə aparacaq danışıqlara razılıq verilməsi baxımından tərəflər üçün çox vacib görüş olacaq. Həmsədrlər problemin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün tərəflərlə birlikdə səylərini davam etdirəcək”.