Prezident İlham Əliyev: "2016-cı il sınaq ilidir"
Azərbaycan prezidenti İlham Əliyev iyunun 1-də XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının, həmçinin VI Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında iştirak edib.
APA TV-nin məlumatına görə, Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransında çıxış edən “ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endryu VUD tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, son illər dünyada neft, qaz və energetika sahələrində böyük dəyişikliklərin baş verməsi fonunda müzakirələr aparmaq üçün bu tədbir gözəl platformadır.
Azərbaycan prezidenti İlham Əliyev sərgi-konfransda nitq söyləyib. Dövlət başçısı sərgi və konfransın ölkəmizin həyatında əlamətdar hadisə olduğunu deyib. İlk sərginin 1994-cü ildə keçirildiyini xatırladan prezident İlham Əliyev bildirib ki, o zaman Azərbaycan gənc müstəqil dövlət idi və ölkəmizin enerji potensialını dünyaya nümayiş etdirmək baxımından sərginin vacib rolu vardı. Xarici sərmayədarlar üçün ən cəlbedici sahənin neft sahəsi olduğunu bildirən dövlət başçısı Azərbaycanda neft sənayesinin uğurlu inkişaf yolu barədə danışıb. SOCAR ilə BP-nin 22 ildir ki, etibarlı tərəfdaş kimi mühüm layihələrdə birgə işlədiyini qeyd edən prezident İlham Əliyev bu əməkdaşlığın gözəl perspektivləri olduğunu da vurğulayıb, SOCAR-ın artıq beynəlxalq enerji şirkətinə çevrildiyini, Azərbaycanda və xaricdə böyük investisiyalar yatırdığını diqqətə çatdırıb. 1994-cü ildən bu günə qədər digər sahələrdə olduğu kimi, neft-qaz sahəsində qarşıya qoyulan bütün layihələrin uğurla icra olunduğunu deyən dövlət başçısı ölkəmizdə neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldildiyini xüsusi qeyd edib və bildirib ki, görülən işlərin əsas məqsədi Azərbaycanda neftdən asılılığı aşağı salmaq və iqtisadiyyatı şaxələndirməkdir. “Şahdəniz” yatağının dünya miqyasında ən böyük qaz yataqlarından biri olduğunu bildirən prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının həm “Şahdəniz”, həm də digər yataqlardan çıxan Azərbaycan qazının dünya bazarına ixrac olunmasında roluna toxunub.
“Cənub Qaz Dəhlizi” layihəsinə dünyada marağın daha da artdığını bildirən prezident İlham Əliyev bu layihənin perspektivindən danışıb, onun mövcud formatının genişləndiriləcəyini qeyd edib. Prezident İlham Əliyev bu layihənin dünyada enerji təhlükəsizliyi məsələsində rolunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan enerji amilindən əməkdaşlığı dərinləşdirmək üçün istifadə edir. Ölkəmizin kifayət qədər qaz ehtiyatlarının olduğunu diqqətə çatdıran prezident İlham Əliyev bildirib ki, hazırda “Abşeron” və “Ümid” yataqlarının işlənilməsi ilə bağlı işlər aparılır. Azərbaycanın elektrik enerjisi ixrac etdiyini, ölkəmizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olduğunu vurğulayan prezident İlham Əliyev deyib ki, bu layihələrdən tranzit və istehlakçı ölkələr də bəhrələnir. “Bizim gələcəyə dəqiq, aydın baxışlarımız var”, - deyən dövlət başçısı bildirib ki, 25 il ərzində Azərbaycan müstəqil ölkə kimi yaşaya bildiyini sübut edib. O, 2016-cı ilin sınaq ili olduğunu, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkədə bütün sosial layihələrin icra edildiyini, gələn il iqtisadi artımın bərpa olunacağını, gələcəkdə neft amilindən asılılığı tam aradan qaldırmaq üçün işlərin görüldüyünü söyləyib. Prezident İlham Əliyev deyib ki, ölkəmiz etibarlı tərəfdaş kimi özünü artıq bütün dünyada təsdiq edib.
Son 20 ildə ABŞ şirkətlərinin Azərbaycanın iqtisadiyyatında fəal iştirak etdiyini, ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulayan ABŞ dövlət katibinin köməkçisinin müavini Robin Dunnigan prezident Barak Obamanın sərgiyə ünvanladığı məktubu oxuyub. Məktubda Azərbaycanın enerji sahəsində çox mühüm rola malik etibarlı tərəfdaş olduğu bildirilir, ölkəmizin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında böyük rolu yüksək qiymətləndirilir və ABŞ-ın bu layihəni dəstəklədiyi qeyd olunur.
Sonra Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun məktubunu oxuyub. Məktubda ölkələrimiz arasında əlaqələrin mühüm əhəmiyyət daşıdığı bildirilir, Britaniya şirkətlərinin Azərbaycanda neft sektorunun davamlı inkişafında vacib rol oynamasından məmnunluq ifadə edilir. Azərbaycanın enerji resurslarının dünyanın enerji təhlükəsizliyi üçün mühüm rola malik olduğu bildirilən məktubda BP və digər enerji şirkətlərinin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına töhfə verdikləri vurğulanır.
Sonra Prezident İlham Əliyev sərgilərlə tanış olub.
Sərgilərlə tanış olan prezident İlham Əliyev XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının xatirə kitabını imzalayıb.