613 min manat paylandı

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Göyçay rayonunun Ləkçılpaq kəndində keçirib. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Göyçay və ətraf rayonlarda fəaliyyət göstərən 46 sahibkara 613 min manat güzəştli kredit verilib.

 

APA TV-nin xəbərinə görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələr 80-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. 100-ə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3634 investisiya layihəsinin maliyyələşdirilməsinə 246,7 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 10 450-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bildirilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6750-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 305,7 milyon manat güzəştli kreditlər verilib.

Müəllif | Apa.Tv
Elvin Yaqubov