Bakıda "İstedadlı uşaqlar festivalı” keçirildi

"Azərbaycanda dövlət qurumlarının bir-biri ilə həmrəy olması nəticəsində uşaq hüquqları müdafiə sistemi yaradılıb, amma yenə də görülməli işlər çoxdur". APA TV-nin xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

 

Onun sözlərinə görə, dünyada uşaq hüquqlarının müdafiəsi sahəsində uğurlar əldə edilsə də, bir çox ölkələrdə bu məsələ ilə bağlı problemlər qalmaqdadır.

 

Komitə sədri bildirib ki, Azərbaycanda uşaqların təhsildən yayınması, erkən nikaha cəlb olunması, zorakılıq hallarının sayının daha da azaldılmasına, Ailə Dəstək Mərkəzlərinin işinin daha da gücləndirilməsinə nail olmaq nəzərdə tutulur: "İctimaiyyətin mövqeyi daha da gücləndirilməlidir ki, insanların problemlərə biganəliyi olmasın. Uşağın böyüdüyü əsas mühit ailədir, ona görə də biz çalışmalıyıq ki, ailə ənənələrinin güclənməsi daha da sürətlə getsin".

 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Beynəlxalq Muğam Mərkəzində "İstedadlı uşaqlar festivalı-2016” adlı tədbir keçirib. Tədbirdə millət vəkilləri, QHT nümayəndələri, BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsinin müavini xanım Nato Alxazişvili, şəhər və regionları təmsil edən 250-yə yaxın uşaq, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri olan uşaqlar iştirak edib.

 

Tədbirdə elm-təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər əldə etmiş uşaqlar Komitə tərəfindən mükafatlandırılıb, “Azərbaycanın gələcəyi” kuboku ilə təltif olunub. 

Müəllif | Apa.Tv
Apa.tv