Lənkəranda iki yol qəzası baş verib, 6 nəfər xəsarət alıb
Lənkəranda iki yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, birinci hadisə rayonun Lüvəsər kəndi ərazisində qeydə alınıb.
Goranboy rayon sakini, 44 yaşlı Camali Alışovun idarə etdiyi “Shacman” markalı yük maşını Lənkəranın Şağlagücə kənd sakini, 43 yaşlı Pəhləvan Rzayevin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik maşını yararsız vəziyyətə düşüb.
Minik avtomobilinin sürücüsü Pəhləvan Rzayev və sərnişinləri - Lüvəsər kənd sakinləri 16 yaşlı Məleykə Təhməzzadə və 15 yaşlı Ulduz Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Digər yol-nəqliyyat hadisəsi isə rayonun Vel kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı minik avtomobilinin “Muravey” markalı motosikletlə toqquşması nəticəsində motosikletin sürücüsü və iki sərnişini - rayonun Siyavar kənd sakinləri, 19 yaşlı Zahir Rəfail oğlu Zakirov, 35 yaşlı Teymur Sovet oğlu Əliyev və Təhmasib Elman oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Zərərçəkənlərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Hər iki faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.