Ərdoğan: "BMT TŞ-da qərarların 5 daimi üzvün iradəsi ilə qəbul edilməsi ədalətsizdir"

Uqandada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan BMT-nin ünvanına sərt ifadələr işlədib.

 

APA TV-nin məlumatına görə, Ərdoğan BMT Təhlükəsizlik Şurasında qərarların 5 daimi üzvün iradəsi ilə qəbul edilməsinin ədalətsiz olduğunu bildirib.

 

Türkiyə prezidentinin sözlərinə görə, Birinci Dünya Müharibəsindən qalan bu quruluşun davam etməsi qəbul oluna bilməz: “Suriya bu gün problemini həll edə bilmirsə, daimi üzvlərdən bir və ya ikisi “yox” deyir, alınmır. “Əfəndim, qeyri-daimi üzvlər var”. Qeyri-daimi üzvlərin heç bir qiyməti yoxdur. Bu gün Afrikadan daimi üzvlər arasında biri varmı? Yox. 1 milyard 700 milyon müsəlmanın olduğu dünyada əhalisi müsəlman ölkə varmı? Yox. Bu, necə ədalətdir, necə hüquqdur? Belə hüquq ola bilərmi?”

 

Ərdoğan deyib ki, güclü olanın haqlı olduğu dünyada hüquq qalib gələ bilməz: “Əksinə, haqlı olanın güclü olduğu bir dünyada hüquq qalib gələr. Bunu axtarırıq. Bunu dediyimiz üçün bəziləri narahat olur. Onda bizim adımızın nə olduğunu bilirsinizmi? Diktator. Niyə? Bunları deyirik deyə. Biz bunları deməkdə davam edəcəyik. Dünyada hansı görüntülü, yazılı media qruplarının bizə hücum etdiyini bu məsələdə çox yaxşı bilirik”.

 

Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hücumlara baxmayaraq, Türkiyə BMT-də islahatlar tələbini davam etdirəcək, etiraz səsini ucaldacaq.

Müəllif | Apa.Tv
Apa.tv