Binəqədidə kompüter oyunları salonunu qarət edənlər tutuldu

Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları oğurluq hadisəsinin üstünü açıb. APA TV-nin xəbərinə görə, saxlanılan şəxslər Sulutəpə qəsəbəsində yerləşən kompüter oyunları salonunu qarət etməkdə şübhəli bilinirlər.

 

Kompüter oyunları salonundan 3 ədəd televizor və "PlayStation" aparatlarının oğurlanması barədə məlumatı polisə salon sahibi verib. Zərərçəkən gecə saatlarında salonun giriş qapısının sındırıldığını, içəridəki avadanlıqların oğurlandığını bildirib.

 

Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən İmişli rayon sakini, 25 yaşlı Rəmzi Ədalət oğlu Kərimlini Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları hadisədən bir neçə gün sonra saxlaya biliblər. Rəmzi oğurluğu həmyerliləri Nadir və Səbuhi ilə birlikdə törətdiyini deyib. Onun sözlərinə inansaq, oğurluq qabaqcadan planlaşdırılmayıb. Onlar taksi fəaliyyəti ilə məşğul olan Nadirin şəxsi avtomobili ilə gedərkən kompüter salonunu təsadüfən görüblər: “Oldu də. Keçirdik, gördük, girdik. 3 televizor, 3 "PlayStation" götürdük. Apardıq. Satacaqdıq. Sata da bilmədik, qaytardıq yiyəsinə. Hər şey qaytarıldı”.

 

Cinayətin digər iştirakçıları da saxlanılıb. Oğurlanan televizorlar və digər əşyalar saxlanılan şəxslərdən birinin evindən tapılıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin “oğurluq” maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv