GMO toxumlar həyat üçün nə dərəcədə təhlükəlidir? - ARAŞDIRMA

"Azərbaycan bazarlarında yerli və xaricdən gətirilən mal və məhsullar boldur. Bu sırada ərzaq məhsulları da geniş çeşidi ilə seçilir. Məhsulun bol olması yaxşı haldır, bu, əhalinin ərzağa olan tələbatının təminatına əsas verir. Lakin son illər ölkəyə gətirilən məhsullar arasında genetik kodlaşdırılmış mallar da geniş yayılıb. Maraqlısı budur ki, artıq nəinki bu və ya digər məhsul, habelə onların toxumları da genetik modifikasiyaya uğrayır".

 

Bunu APA TV-yə müsahibəsində Beyləqan Regional Aqrar Elmi İnformasiya Məsləhət Mərkəzinin direktoru Əli Ələsgərov deyib.

 

Aran bölgəsində əsasən yerli toxumlara üstünlük verildiyini bildirən mütəxəssisin sözlərinə görə, Rusiyadan gətirilən taxıl toxumlarında "sarı pas", "qonur pas" xəstəliklərinə rast gəlinir. Yerli toxumlarda bu xəstəliyə tutulma riski azdır: "Yerli toxumlar toxumçuluq sertifikatı olan fermerlərə 50 faiz güzəştli qiymətlərlə satılır. Yəni 22 qəpiyə, bu dövlət tərəfindən ödənilir. Xaricdən gətirilən toxumların qiyməti 50-60 qəpik arasında dəyişir, dəqiq deyə bilmirəm. Yerli istehsalımız olan "Elit" taxıl toxumları 22 qəpikdən fermerlərə verilir. Digər yerli tərəvəz toxumlarını isə müstəqil olaraq 35-40 qəpiyə satırıq. Söhbət sertifikatlı toxumlardan gedir".

 

Azərbaycan Elmi Təhqiqat Əkinçilik İnstitutunda yetişdirilmiş toxum sortlarının yüksək keyfiyyətindən danışan fermerin Ə.Ələsgərov deyib ki, bunlar daha çox "Zirvə-85", "Yeni rayonlaşmış" sortlardır. Onun fikrincə, bu gün fermerlər yerli toxumlardan istifadə etsələr, bu onlar üçün daha əlverişli olar: "Hazırda cari il üçün "Zirvə-85", "Qobustan", "Qırmızı gül" kimi yerli sortlardan istifadə olunur. Çünki yerli sortlar xarici sortlardan daha dözümlü olur. Bu toxumların xəstəliyə tutulma riski azdır, demək olar ki, sıfıra bərabərdir. Eyni zamanda yerli toxumlar məhsuldardır. 40-50 sentner, yaxşı qulluq olunsa, 60 sentner potensial məhsuldarlığı var. Yerli sortların əkilməsi daha məsləhətlidir. Hazırda gördüyünüz bu sahədə əkilmiş "Zirvə-85" taxıl sortudur. Bundan "Elit" toxumu da götürüləcəkdir. Bunu isə fermerlərimiz 4-5 il ardıcıl əkə bilərlər".

 

Əli Ələsgərov Azərbaycan, xüsusən də Bakının bazarlarında yerli meyvə-tərəvəz toxumlarına indi az-az rast gəlindiyinə də diqqət çəkib. Onun sözlərinə görə, toxumlar əsasən xaricdən, xüsusən də Türkiyə, Gürcüstan, Rusiya və İrandan gətirilir. Bu toxumların da böyük əksəriyyəti genetik modifikasiya edilmiş toxumlardır.

 

Məsələyə münasibət bildirən kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov deyir ki, tərəvəz məhsullarının istehsalında yalnız xaricdən gətirilən toxumdan istifadə olunur ki, bu da bizi asılı vəziyyətdə qoyub. O, pomidorun toxumunun 100 faiz Avropadan gətirildiyini, xiyarın toxumunun bir hissəsinin Avropadan, bir hissəsinin də Rusiyadan idxal olunduğunu bildirib. Qeyd edib ki, digər tərəvəz məhsullarının da toxumları yerli deyil. "Əslində xaricdən gətirilən toxum materialları əvvəlcə yerli şəraitə uyğunlaşdırılmalıdır" deyən Vahid Məhərrəmov hesab edir ki, bu məhsullar yoxlandıqdan, adaptasiya müddəti keçdikdən sonra geniş tətbiq oluna bilər: "Xüsusən tərəvəz bitkilərinin toxumları xaricdən gətirilir. Pambıq toxumu xaricdən gətirilir. Hətta kartof və taxıl bitkilərinin toxumları da xaricdən gətirilir".

 

Onun sözlərinə görə, yerli toxumların becərilməsi işinə kompleks şəkildə yanaşılmalı, bununla bağlı yeni proqramlar işlənib hazırlanmalı, Azərbaycanın fərqli iqlim qurşağına uyğun fərqli sortlar yetişdirilməlidir.

 

Ekspertin fikrincə, bizdə istehsal prosesi qaydasına düşmədiyi üçün istehlak tələbimizi ödəyə biləcək qədər kənd təsərrüfatı məhsulu istehsal edilmir, məhsulun bir hissəsinin də əmtəə keyfiyyəti aşağı olduğundan, bazarda özünə yer tapa bilmir. O, mövcud problemin yaranmasına təkcə toxumun keyfiyyətinin aşağı olmasının təsir göstərmədiyini də deyib. Onun sözlərinə görə, bu məsələyə ölkəyə idxal olunan gübrələrin, pestisidlərin keyfiyyətinin çox aşağı olması da təsir göstərir.

 

Mütəxəssis bu sahənin inkişafı üçün böyük fermer təsərrüfatlarının yaradılmasını vacib sayır. Vahid Məhərrəmovun fikrincə, toxumu, gübrəni hökumət deyil, ayrı-ayrı fermer təsərrüfatlarının idxal etməsinə imkan yaradılmalıdır: "Bu gün istehlak etdiyimiz tərəvəz məhsullarının əksəriyyətinin toxumu genetik modifikasiyaya məruz qalmış toxumlarıdır. Bizim ölkədə müasir avadanlıqla təchiz olunmuş laboratoriya yoxdur onu müəyyən edə bilsin".

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov bildirilib ki, ölkəyə tərəvəz toxumları müxtəlif ölkələrdən - Türkiyə, İran, Rusiya və Avropadan gətirilir: "Azərbaycanda əsasən tərəvəzlər qış və yaz dövründə istixanalarda becərilir. Tərəvəz toxumları arasında hibrid toxumlar var ki, onlar kənardan gətirilir. 99 faiz tərəvəz toxumu xarici ölkələrdən gətirilir. Digər bitki toxumlarına gəlincə, alma, armud və sair tinglər və yeni sortlar da xaricdən gətirilir. Bundan sonra qanuna müvafiq olaraq qeydiyyata alınır, onların idxalına icazə verilir".

 

Möhtəsim Əhmədov fermerlərin xarici toxumlara üstünlük verməsini onların əmtəə görünüşünün daha cəlbedici olması ilə izah edir. Amma qanunvericilik ölkəyə geni dəyişdirilmiş məhsulların gətirilməsini qadağan edir: "Bu gün Azərbaycana gətirilən toxumlar Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Xidmət tərəfindən yoxlanılır. Toxumlar qəbul edilərkən onlar əkilir, müvafiq müddət ərzində onlar yoxlanılır, normativlərə cavab verirsə, üstün keyfiyyətlərə malikdirlərsə, fermerlər onu idxal edir. İkincisi isə müvafiq laboratoriyalarda analiz olunur və keyfiyyət haqqında sertifikat verilir".

 

Möhtəsim Əhmədov deyir ki, bəzi hallarda torpaq mülkiyyətçiləri sort və səpin keyfiyyətləri məlum olmayan toxumlardan istifadə edir. Bu da son nəticədə məhsuldarlığın kəskin azalmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olur.

 

2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən dövlət standartlarının tələblərinə cavab verməyən 18,5 min hektar sahə toxum dövriyyəsindən çıxarılıb, qalan 42 min hektar sahə biçilib və toxumlar təmizlənərək kondisiyaya çatdırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv