Erməni general: "Belə getsə, azərbaycanlılar gəlib İrəvanda çay içəcək"

"Aprel döyüşlərində itirdiyimiz mövqelərdə strateji yüksəkliklər var". APA TV-nin erməni saytlarına istinadən xəbərinə görə, bunu separatçı rejimin keçmiş "müdafiə naziri" Samvel Babayan bildirib.

"Azərbaycan Ordusu həmin əraziləri bir neçə saat ərzində ələ keçirdi. Mardakert istiqamətində itirdiyimiz mövqelər çox əhəmiyyətlidir. Bizim hakimiyyət isə əksini deyir. Əslində isə onların nə qədər ərazini əldən verdiyimizdən heç xəbərləri belə yoxdur. Kim oranı ölçüb? Kim deyə bilər ki, biz 800, yoxsa 1800 hektar ərazi itirmişik?", - deyə o qeyd edib.


Babayan bildirib ki, Azərbaycan ən müasir silahlar alır və ordu yüksək səviyyədə təşkil edilib. Ermənistan ordusunun arsenalını qarşı tərəfin silahları ilə müqayisə etmək gülünc olar. General Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı gücündən də danışıb.

 

"Təsəvvür edin, Azərbaycan Naxçıvanda müasir raket sistemləri yerləşdirib. Sual olunur, niyə? Qarabağı vurmaq üçün? Xeyr, orda onsuz da güclü texnika və kifayət qədər canlı qüvvə var. Məqsəd başqadır. Bizim iqtidar erməni ordusunun hər an hücuma hazır olduğunu deyir. Naxçıvandan İrəvana isə cəmi 42 kilometrdir. Əgər biz həmlə etsək, onlar Naxçıvandakı raketləri işə salacaq, ardını isə düşünmək belə qorxuludur. Çünki həmin raketlər 150 kilometrdəki hədəfləri rahatlıqla vura bilir", - deyə general-leytenant əlavə edib.

 

Samvel Babayan hazırda Qarabağın yox, Ermənistanın təhlükəsizliyi barədə düşünməyin daha vacib olduğunu deyib: "Xalqı boş-boş sözlərlə aldatmağa gərək yoxdur. Ermənistan hakimiyyətində təmsil olunanlar tez-tez "biz Bakıda çay içəcəyik" deyə vədlər verirlər. Amma belə getsə, əksinə olacaq. Azərbaycanlıların İrəvanda çay içmək şansları daha çoxdur".

Müəllif | Apa.Tv
Apa.tv