Saatlıda çətənə kolları əkib-becərən qardaşlar saxlanıldı
Saatlı polisi narkotik tərkibli çətənə kollarını aqrotexniki qaydada becərən qardaşları saxlayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, narkotik vasitələrin əkilib-becərilməsinə görə polis tərəfindən saxlanılan şəxslərdən biri Saatlı rayon sakini, 1975-ci il təvəllüdlü Eldəniz Feyruz oğlu Nərimanova məxsus M.Müşfiq küçəsi 14-də yerləşən həyətyanı sahədən 20 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.
Məlum olub ki, Eldəniz tərkibində narkotik maddələr olan çətənə kollarına xeyli müddət aqrotexniki qaydada qulluq göstərib.
Onun qardaşı, 1959-cu il təvəllüdlü Famil Feyruz oğlu Nərimanov da həyətyanı sahədə qarğıdalı, badımcan və bibər bitkilərinin arasında 22 ədəd çətənə kolu yetişdirib.
Saxlanılan hər iki qardaş narkotik vasitələri şəxsi istifadə məqsədilə əkdiyini bildirib.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.