Vahan Martirosyan: "Ermənilər qorxur" - CANLI BAĞLANTI
Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının regiona törədəcəyi təhlükə barəsində dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması məqsədi ilə "Stop Metsamor!" Beynəlxalq Koalisiyasının təsis konfransı keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, "Metsamor" AES təkcə region üçün deyil, bilavasitə Azərbaycan üçün böyük təhlükə mənbəyidir.
O qeyd edib ki, sözü gedən stansiyanın təsir qüvvəsi kütləvi qırğın silahının təsir gücü ilə analogiya təşkil edir.
Ekoloq eyni zamanda "Metsamor"un təsir dairəsinə düşən ərazi yüksək seysmoaktiv zonada yerləşdiyindən, bu faktın özü baş verə biləcək tektonik proseslərin böyük regional radiaktiv fəlakətə səbəb olacağına diqqət çəkib.
Stansiyanın yerləşdiyi ərazidə azı 8 bal gücündə zəlzələnin baş verməsi bu amilin qorxunc fəsadlara yol aça biləcəyini ehtimal etmək üçün əsas verir.
Professor Rauf Sərdarov isə qeyd edib ki, iki blokdan ibarət "Metsamor" Atom Elektrik stansiyasının ilk bloku 1976-cı, ikincisi isə 1980-ci ildə işə salınıb. 1988-ci ildə Spitakda baş vermiş zəlzələdən sonra stansiyada işlər dayandırılsa da, 1995-ci ildə stansiyanın ikinci bloku istifadəyə verilib.
Hazırda sözü gedən stansiya Ermənistanın enerjiyə olan tələbatının 30 faizini ödəyir.
Çıxış edənlər həmçinin 2011-ci ildə "Foreign Policy" jurnalının "Metsamor"u dünyanın 5 ən təhlükəli stansiyaları siyahısına daxil etdiyini də diqqətə çatdırıblar.
Daha sonra canlı bağlantı yaradılan “Beynəlxalq Azadlıq Hərəkatı”nın sədri Vahan Martirosyan sözü gedən stansiyanın Ermənistan və dünya üçün təhlükə yaratdığını deyib.
O, ermənilərin də bu məsələdən narahat olduqlarını, lakin bunu söyləməkdən qorxduqlarını vurğulayıb: “Ermənistan hakimiyyəti erməni xalqının gələcəyini düşünmür. Ermənistan Rusiya ilə birlikdə böyük gəlir əldə etmək üçün burada iş pozuntularına fikir vermir. Aparıcı nüvə ekspertlərinin rəylərinə baxmayaraq, Ermənistan hakimiyyəti artıq 3-cü elektrik blokunun tikintisinə başlayır ki, bu da riskləri artırır. Bu baxımdan mən hesab edirəm ki, yaradılan koalisiyaya təkcə QHT-lər deyil, beynəlxalq təşkilatlar da qoşulmalıdır”.
Tədbir ümumi müzakirələrlə davam etdirilib.