Ankaradan Almaniyanın qərarına ilk reaksiya: səfir geri çağırıldı
Almaniya parlamentində 1915-ci il qondarma "erməni soyqırı"mının tanınmasına Türkiyə hökuməti sərt reaksiya verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, baş nazir Binəlı Yıldırım Almaniyanın qərarına sərt reaksiya verib.
"Almaniyada qəbul olunan bu qərar xətalı qərardır. Bizim keçmişimizdə üz qızardacaq bir hadisə yoxdur. Bu, əsla və əsla Türkiyənin qəbul edəcəyi qərar deyil", - deyə Binəli Yıldırım bildirib.
Baş nazirin müavini Numan Kurtulmuş isə "Twitter" vasitəsilə məsələyə münasibət bildirərək, rəsmi Ankaranın bu qərarı tanımaq niyyətində olmadığını dilə gətirib: "Türkiyə bu qərarı tanımaq niyyətində deyil. Bu məsələ siyasətçilərin və deputatların deyil, alim və tarixçilərin aydınlıq gətirməli olduğu bir məsələdir. Türkiyə olaraq bu qərara hər müstəvidə lazımi cavabı əlbəttə ki, verəcəyik".
Xatırladaq ki, bu gün Almaniya Bundestaqında 1915-ci il qondarma "erməni soyqırımı"nın tanınmasına dair qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib. Bu qərarın qəbulundan sonra Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu ölkəsinə geri çağırılıb.