Nazim İbrahimov: "Azərbaycan diasporu Türkiyənin yanında olacaq"

“Azərbaycan həmişə Türkiyənin yanında olub və bundan sonra da belə olacaq”. APA TV-nin xəbərinə görə, bunu Almaniya Bundestaqında uydurma “erməni soyqırımı”nın tanınmasına münasibət bildirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

 

Komitə sədri bildirib ki, Almaniya Bundestaqında “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanan qətnamənin qəbulu ilə bağlı bundan sonra nə baş verəcəksə, Azərbaycan Türkiyə ilə bir yerdə olacaq:  “Belə hallar dəflərlə olub. İsrail parlamentində də belə bir addıma cəhd edildi. Amma Azərbaycan diasporunun da fəallığı nəticəsində bunun qarşısı alındı. Yenə də Azərbaycan diasporu Türkiyənin yanında olacaq, bununla bağlı hansı addımlar atılacaqsa, biz Türkiyəyə dəstək verməyə hazırıq. Bu halın niyə baş verdiyini aydınlaşdırmaq lazımdır. Erməni təxribatının qarşısı bizim birgə səyimiz nəticəsində alınmalıdır və alınacaq”.

 

Qeyd edək ki, sabah Bakıda işə başlayacaq Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını, Türk şəhidliyini ziyarət edib. Heydər Əliyevin abidəsi önünə və “Əbədi məşəl” kompleksinin qarşısına, Türk şəhidliyinə Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları adından əklillər qoyulub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov dünya azərbaycanlılarının ilk qurultayının 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini xatırladıb. Onun sözlərinə görə, sabah işə başlayacaq qurultay əvvəlki qurultaylardan formatına görə fərqlənəcək. Nazim İbrahimov qeyd edib ki, qurultayda Azərbaycan diasporunun növbəti beş ildə görəcəyi işlər müzakirə olunacaq, bununla bağlı təkliflər dinlənəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv