İsmayıllıda torpaq sürüşməsi: Basqal-Sulut yolu bağlandı
İsmayıllı rayonunun Basqal-Sulut yolunda torpaq sürüşməsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı rayonunun Basqal-Sulut yolunun 10-cu kilometrliyində qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin nümayəndələri əraziyə baxış keçirərək bildiriblər ki, hadisəyə son günlər rayona düşən intensiv yağıntılar səbəb olub. Ərazidə uzunluğu 3 kilometr, eni 120-140 metr olan sürüşmə sahəsi yaranıb.
Hadisə zamanı Basqal-Sulut avtomobil yolu bağlanıb, Sulut kəndinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib. Dərhal əraziyə “Azəravtoyol” Səhmdar Cəmiyyətinin 7 saylı Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub, sürüşmə ərazisində alternativ yol çəkilişinə başlanılıb. Əhalinin və avtomobillərin hərəkəti qismən bərpa edilib. 5 kilometr uzunluğu olan alternativ yol sürüşmə zonasından kənar keçir. Hazırda ərazidə işlər davam etdirilir və günün sonunadək yolda avtomobillərin hərəkəti tam bərpa olunacaq.