Şəmkirdə narkotiklə tutulan şəxs: "Məni tanıyanlara salam deyirəm"
Şəmkir polisinə 51 yaşlı Gəncə sakini Rizvan Abbasovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, əməliyyat tədbirlərinə başlayan polis adl çəkilən şəxsi rayonun Təzəkənd kəndi ərazisində saxlayıb.
Müstəntiq Qurban Qurbanovun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasında Rizvan Abbasovun əlindəki iki ədəd torbaya baxış keçirilən zaman oradan ümumi çəkisi 2 kiloqram 310 qram çətənə kolları aşkar edilərək götürülüb.
Rizvan Abbasov narkotiki şəxsi istifadəsi üçün yol kənarından topladığını deyib. Əməlindən peşman olduğunu bildirən avtomobil ustası onu tanıyanlara salam söyləməyi də unutmayıb: "Yolla keçirdim. Gördüm yaşıllıqdır. Torbaya yığıb doldurdum ki, çəkim. Getmək istəyirdim, iş belə alındı. Özümünkülərə, məni tanıyanlara salam deyirəm. Gəncənin 70 faizı məni tanıyır".
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.