Bakıda “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinin təqdimatı keçirildi
Bu gün Avropa Şurası və Avropa İttifaqının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinin təqdimatı keçirilib.
APA TV-nin məlumatına görə, təqdimatda çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri, Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan dövlətinin ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verdiyini bildirib: "Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi bazanın yaradıldığını söyləmək olar. Yeri gəlmişkən, burada bir məsələyə toxunmaq istərdim. Belə ki, bəzi ictimai sektor təmsilçiləri və beynəlxalq təşkilatlar son illər qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə bağlı öz narahatlıqlarını bildirir, onların üçüncü sektorun inkişafına maneə yaradacağını iddia edirlər. Əslində isə təcrübə göstərir ki, həmin dəyişikliklər bu sahədə şəffaflığın, hesabatlılığın və nizam-intizamın artırılması, qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əlaqələrinin asanlaşdırılması üçün edilib".
Əli Həsənov 2016-cı ilin ortalarına olan məlumata görə, Azərbaycanda dövlət qeydiyyatına alınmış 3 minədək qeyri-hökumət təşkilatının olduğunu, ümumilikdə isə qeyri-kommersiya qurumlarının sayının 4 mini ötdüyünü bildirib: "Azərbaycan dövləti hazırda vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış edir. Bu məqsədlə təsis edilmiş və ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu bütün QHT-lərin, o cümlədən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış qurumlardır. Son 3 il yarımda yalnız bu 2 təşkilatın xətti ilə 5 mindən çox layihəyə 33 milyon manatdan artıq vəsait verilib".
Avropa Şurası Demokratiya Baş Direktorluğunun Demokratik İdarəetmə üzrə direktoru Klaudiya Luçani xatırladıb ki, Avropa Şurasının baş katibi üzv ölkələrə QHT-lər üçün şəraiti yaxşılaşdırmağı tövsiyə edib.
Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda üçüncü sektora dəstək verməyin dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib.
Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç qeyd edib ki, Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması hökumət və QHT-lər arasında dialoqun təzahürüdür.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, dövlət rəsmiləri və QHT-lərin bir masa ətrafında əyləşməsi çox yaxşı başlanğıcdır: "Əsas məqsədimiz Azərbaycan insanları üçün konkret nəticələrə nail olmaqdır".
Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktorunun müavini Rauf Məcidli isə QHT sektorunun inkişafı sahəsində görülən işlərdən danışıb.