Səfir: "İran neftin qiymətinin artmasını qətiyyətlə müdafiə edir"
“İran Həcc ziyarətindən imtina etməyib, xalqımız Həcc ziyarəti arzusundadır”. APA TV-nin məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, keçən il baş vermiş hadisə ilə əlaqədar İran Səudiyyə Ərəbistanından zəvvarlarına təhlükəsizlik təminatı istəyib: “Biz 17 təklif vermişdik. Lakin Səudiyyə Ərəbistanı bu təkliflərdən heç birini qəbul etməyib, keçən il baş vermiş faciənin məsuliyyətini üzərinə götürməyib. Zəvvarlarımızın həyatı və təhlükəsizliyi bizim üçün vacibdir, bu üzdən də bu il onların Həcc ziyarətinə göndərilməsinə icazə vermədik. Çalışacağıq ki, bizim kvotamız dəyişməsin və gələn il şərait yaransa, yenidən zəvvarlarımızı Həcc ziyarətinə göndərək. Təhlillər göstərir ki, əgər vəziyyət belə davam etsə, Səudiyyə Ərəbistanı zəvvarların təhlükəsizliyinə zəmanət verməsə, Məkkə və Mədinəyə gedənlərin sayı azalacaq”.
Səfirin fikrincə, digər müsəlman dövlətləri də ya zəmanət istəməli, ya da zəvvarların saylarını azaltmalıdır.
Möhsün Pak Ayin həmçinin OPEK-in bugünkü iclasına da toxunub. O, təmsil etdiyi ölkənin neftin qiymətinin artmasına olan münasibətini də ifadə edib: "İran İslam Respublikası neftin qiymətinin artmasını qətiyyətlə müdafiə edir. Bizim neft nazirimiz də iclasda iştirak edir. Nazir iclas zamanı bu istiqamətdə konkret təkliflərlə çıxış edəcək. Təəssüf ki, Qərb ölkələri hasilatı artırıb və bu da neftin qiymətlərinin aşağı düşməsinə səbəb olub. Hazırda OPEK üzvü olan ölkələrin neft nazirləri neftin qiymətinin artması məsələsində əlbəttə ki, həmfikirdirlər".
Diplomat eyni zamanda İran İslam Respublikası ilə Azərbaycan arasında viza rejiminin yaxın vaxtlarda aradan qaldırılması məsələsinin gündəmdə olduğunu da bildirib.