Türkiyənin parlament partiyaları Bundestaqın qətnaməsinə qarşı birləşdi
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP), parlamentdə təmsil olunan müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) Almaniya Bundestaqının uydurma “erməni soyqırımı”nın tanıması ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıb.
APA TV-nin məlumatına görə, bəyanatda deyilir: “Biz, Türkiyə xalqının nümayəndələri, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmirik və qəti pisləyirik. Bu qətnamə nə hüquqi, nə də tarixi baxımdan əsaslandırılmayıb”.
Bəyanatda qətnamənin səhv olduğu və iki dövlət arasındakı dost əlaqələrə xələl gətirərək, Türkiyə-Almaniya münasibətlərinə təsirsiz qala bilməyəcəyi qeyd olunur.
PKK yönümlü Xalqların Demokratiyası Partiyası (HDP) üç partiya tərəfindən qəbul olunan bəyanatı imzalamaqdan imtina edib.
Xatırladaq ki, Almaniya Bundestaqı iyunun 2-də uydurma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin qərarının Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcəyini bildirib.