Klinton: "Tramp qalib gəlsə, Kreml bayram edəcək"
"Prezidentliyə namizəd Donald Tramp Birləşmiş Ştatları müharibəyə sürükləyə bilər".
APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, bu fikirləri xarici siyasət və milli təhlükəsizlik məsələlərinə dair proqram nitqində Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton səsləndirib.
O deyib ki, D.Tramp nüvə kodlarının etibar ediləcəyi adam deyil. "Donald Trampın hətta kimsə ona təsadüfən toxunsa belə, bundan ötrü ABŞ-ı müharibəyə sürükləyəcəyini təsəvvür etmək çətin deyil", - deyə Klinton bildirib.
Sabiq dövlət katibi eyni zamanda milyarderin prezidentlik postunu tutmağa hazır olmadığını, daha doğrusu, güclü bilik, bacarıq və məsuliyyət tələb edən bir vəzifəyə yararsız olduğunu açıqlayıb.
Bundan əlavə, Klinton Trampı İngiltərə baş nazirindən Roma Papasınadək bütün müttəfiqlərlə münasibətlərin korlanmasına çalışdığını da bildirib.
Bununla belə, Hillari Klinton deyib ki, Donald Trampın qalib gələcəyi təqdirdə, bu, Kremlin bayram etməsi ilə nəticələnəcək.