Güclü yağış Lerikdə fəsadlar törətdi

İyunun 2-də günorta saatlarından başlayaraq Lerik rayonuna güclü yağış yağıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Rayonlararası Hidrometroloji Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, yağıntı əsasən Lerik və Yardımlı rayonlarının dəniz səviyyəsindən 1000-1300 metr yüksəklikdə yerləşən yaşayış məntəqələrini əhatə edib. Ümumilikdə isə 3 saat ərzində dağlıq ərazilərə düşən yağıntının miqdarı aylıq normanın 50-60 faizini təşkil edib.

 

Güclü yağış rayonun ayrı-ayrı yaşayış məntəqələrində fəsadlara səbəb olub. Əsasən yemçilik və taxılçılıq təsərrüfatlarına ciddi ziyan dəyib: "Taxılımızı pis günə qoydu. Ot sahəsində ot biçmişdik, hazır vəziyyətə gətirə bilmədik. Kartof, kənd təsərrüfatına aid nəyimiz var, hamısı sıradan çıxdı. Meyvə ağacları da pis vəziyyətə düşdü".

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA TV-nin yerli bürosuna bildirib ki, yağıntı rayonda güclü fəsadlar törətməsə də, kənd təsərrüfatı bitkiləri, o cümlədən taxılçılıq üçün ziyanlıdır. Hazırda ot tədarükünün qızğın çağıdır, yağış isə buna mane olur.

 

Bununla belə, Habil Məlikov yağıntının vurduğu ziyanla bağlı vətəndaşlardan hər hansı şikayətin daxil olmadığını bildirib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Rayonlararası Hidrometeoroloji Hissəsindən verilən məlumata görə, qeyri-sabit hava şəraiti bölgədə iyunun 3-ə kimi davam edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv