Özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edən dələduz tutuldu
Zərdab rayonunda dələduzluqla məşğul olan şəxs saxlanılıb.
APA TV-nin Mərkəzi Aran bürosunun xəbərinə görə, 1960-cı ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olan, Bakı şəhəri Binəqədi rayonunun Xutor qəsəbəsində, kirayədə yaşayan, əvvəllər dəfələrlə dələduzluq cinayətinə görə məhkum olunmuş Müslüm Mustafayev özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gəlib.
Bu məqsədlə adının Musa olmasını deyərək, özünü Azərbaycan Respublikası Prezident Administrasiyasının Xüsusi şöbəsinin işçisi kimi təqdim etməklə Zərdab rayonu Alıcanlı kənd sakinlərinin müxtəlif problemlərini həll edəcəyini vəd edib və dələduzluq yolu ilə pullarını ələ keçirib.
Belə ki, kənd sakini Arif Əsgərovun Bakı Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd verib ondan 1000 manat, Niyazi Abbasovu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edib 500 manat, Aqil Nəcəfova sosial yardım düzəldəcəyini vəd edib 200 manat və Mahir Əsgərova oğlunu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edib 500 manat pulunu almaqla dələduzluq edib.
Qeyd edək ki, aldatdığı şəxsləri inandırmaq üçün M.Mustafayev öz şəxsiyyət vəsiqəsini zərərçəkənlərə girov qoyub.
Bu hərəkətləri ilə Müslüm Kəniş oğlu Mustafayev CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. Onun dələduzluq əməllərindən zərər çəkmiş şəxslərdən bu haqda Zərdab rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.