Almanların 91 faizi Türkiyəyə etibar etmir - SORĞU

Almaniya vətəndaşlarının 91 faizi prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbəri olduğu Türkiyəyə etibar etmir. APA TV-nin məlumatına görə, bu rəqəm Almaniyada ARD telekanalının keçirdiyi sorğu nəticəsində ortaya çıxıb. Türkiyəyə etibar etməyən almanların sayı aprel ayı ilə müqayisədə 12 faiz artıb. Sorğuda iştirak edənlərin yalnız 7 faizi Türkiyəni etibarlı müttəfiq sayır.

 

Respondentlərin 89 faizi hesab edir ki, Avropa Birliyinin Türkiyə vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq etməsi üçün Ankara bütün şərtləri qeyd-şərtsiz yerinə yetirməlidir. Sorğuya qatılanların yalnız 7 faizi qaçqın axınının qarşısını almaq üçün Türkiyəyə güzəştlər edilməsinin vacibliyini düşünür.

 

Almanların 74 faizi Bundestaqın qondarma "erməni soyqırımı"nı tanıması qərarını dəstəklədiyini bildirib, 18 faiz isə buna etiraz edib. Amma respondentlərin 46 faizi alman siyasətçilərin 100 sonra bu məsələni gündəmə gətirməsinin səbəblərini anlamadığını qeyd edir. Bundan başqa sorğuda iştirak edənlərin 57 faizi hesab edir ki, qondarma soyqırımı tanıma iki ölkə arasında münasibətləri kəskin şəkildə pisləşdirəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv