Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gömrük Xidməti rəhbərlərinin iclası keçirildi

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gömrük Xidməti rəhbərlərinin V iclası keçirilib.

 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev  bildirib ki, bu gün gömrük əməkdaşlığı həyata keçirilərkən aktual məsələlərdən biri də qabaqcadan məlumatlandırmadı idxal və ixrac əməliyyatları ilə bağlıdır. Toplantıda bir sıra risklərin təhlil edilməsi, elektron xidmətlərin göstərilməsi və s. məsələlər müzakirə olunacaq.

 

APA TV-nin xəbərinə  görə, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Türkiyənin Gömrük və Ticarət Nazirliyinin müstəşar müavini Rəmzi Akçın, Qırğızıstan Dövlət Gömrük Xidmətinin sədri Azamat Süleymanov, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədr müavini Qosman Amrin iştirak ediblər.

 

Aydın Əliyev çıxışı zamanı bildirib ki, ötən dövr ərzində Azərbaycanda iş adamları ilə gömrük əməkdaşları arasında ünsiyyətin minimuma endirilməsi həyata keçirilib və bu istiqamətdə də işlər davam etdirilməkdədir.

 

“Ölkəyə investisiya cəlb etmək və qeyri-neft sektorunu inkişaf etdirmək üçün gömrük keçid məntəqələrində mütəmadi tədbirlər həyata keçirilir. Keçən ildən xarici ölkələrə məxsus nəqliyyat vasitələri Azərbaycana gələrkən yüklərin sığortalanmasından azad olunublar. Eyni zamanda avqust ayının 1-dən biz prezidentin sərəncamı ilə “yaşıl”, “mavi”, “sarı” və “qırmızı” dəhlizlərin tətbiqi ilə bağlı işlərə başlamışıq. Bundan başqa, Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycanda elektron bəyannamə sisteminin tətbiqinə başlamışıq. Gömrük bəyannaməsinin qiyməti, xidmət haqqı keçən ilin nisbində dəfələrlə aşağı düşüb”, - deyə komitə sədri vurğulayıb.

 

Bundan başqa, komitə sədri tranzit dəhlizin inkişaf etdirilməsindən də danışıb. A.Əliyev qədim “İpək Yolu”nun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, Çindən Avropaya qədər uzanan yol deməkdir.

 

Müəllif | Apa.Tv
Apa.tv