Sankt-Peterburqda şəmkirli Adəm Quliyevi öldürən azərbaycanlı MƏHKƏMƏDƏ!
Sankt-Peterburqda şəmkirli Adəm Quliyevi güllələyən şəxsin məhkəməsi başlayır. APA TV-nin məlumatına görə, qətl hadisəsi ötənil şəhərin Pabfak döngəsində yerləşən kaferlərdən birində baş verib. Kafeyə daxil olan iki şəxs zaldan keçərək pəncərənin qarşısındakı masaya yaxınlaşıb və “Makarov” markalı tapançadan masa arxasındakı üç nəfərdən birinə beş dəfə atəş açıblar. Daha sonra kafeni tərk edən qatillərin kimliyini müəyyənləşdirmək uzun müddət mümkün olmayıb. Öldürülən şəxsin əslən şəmkirdən olan 31 yaşlı Adəm Quliyev olduğu sonradan müəyyənləşib, hadisə zamanı onunla bir masada əyləşmiş şəxslər qaçdığından onların şəxsiyyətini aydınlaşdırmaq xeyli vaxt aparıb. İstintaq zamanı qətli törədən şəxsin Yaroslavlda gizləndiyi müəyyənləşib və o, həbs olunub.
Adəm Quliyevi qətlə yetirən şəxsin adı açıqlanmasa da, onun azərbaycanlı olduğu bildirilir. Cinayət işinin materiallarına Nevski rayon məhkəməsində baxılacaq. Yerli mətbuat Adəm Quliyev öldürülən ərəfədə şəhərdə bir neçə güllələnmə faktının qeydə alındığını və güllələnən şəxslərin hamısının Şəmkir rayonundan olmasına diqqət çəkirlər.