Azadlıq prospektinin daha bir hissəsi təmir edildi

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən Azadlıq prospektinin daha bir hissəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib.

 

ASC-dən APA TV-yə verilən məlumata görə, təmir olunmuş hissənin uzunluğu təqribən 450 metrdir və Cəfər Xəndan küçəsi ilə Məsud Davudoğlu küçəsinin kəsişməsi arasında yerləşir.

 

Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqlar yaradılıb. “Cib”li dayanacaqların uzunluğu 20 metr, eni isə 3,5 metrdir.

 

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.

 

Hazırda prospektin digər hissəsində - Məsud Davudoğlu və Süleyman Sani Axundov küçələri arasında yerləşən ərazidə təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Qeyd edək ki, ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsinin təmir olunması planlaşdırılır. 

 

“Azəravtoyol" ASC tərəfindən Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri apaılıb.

 

Uzunluğu 650 metr, eni isə 14 metr olan küçə təmirdən sonra artıq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

 

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv